Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayonunda keçirilən növbəti Aqrar İnnovasiya Festivalı bir çox yeniliklərlə yadda qaldı. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış 100-dən artıq yerli və xarici şirkət, eyni zamanda digər dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq stendlərlə təmsil olundular. Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında müxtəlif görüşlər keçirildi, satışlara dair müzakirələr aparıldı.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.
O deyib ki, Aqrar İnnovasiya Festivalı fermer və sahibkarlar üçün əlaqələrin qurulmasında böyük rol oynayır. Festivalda iştirak edən şirkətlərin o cümlədən ziyarətçilərin sayının çox olması onu deməyə əsas verir ki, festivala maraq durmadan artmaqdadır. Bunun üçün də gələcəkdə festivalın əhatəsinin daha da genişləndirilməsi böyük əhəmiyyətə malik olacaq.