Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçığı ilə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti dəfə ölkədə aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər üçün pilotsuz uçuş aparatlarının idarəedilməsinə dair təlim təşkil edilib.
Təlim Türkiyə Respublikasının bu sahədə ixtisaslaşmış şirkətinin mütəxəssisi tərəfindən özəl şirkətlərin mütəxəssislərinə aqrar sahədə istifadə edilən pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları haqqında həm nəzəri biliklərin öyrənilməsi həm də praktiki vərdişlərin yaranması istiqamətində həyata keçirilib.
Təlim zamanı multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə təcrübə həyata keçirilib.
Bu təcrübələr zamanı təlimdə iştirak edən özəl şirkətlərin mütəxəssisləri çiləyici dronlardan istifadə etməklə ərazidə çiləmə üsulu ilə dərmanlama prosesini həyata keçirmiş və pilotsuz uçuş aparatlarının istifadəsinə dair vərdişlərə yiyələniblər.
Təlimlərdə iştirak edən mütəxəssislər Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi əldə edəcəklər.
Qeyd edək ki, 2022-ci ilin 25-29 aprel tarixlərində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçığı ilə Türkiyəli mütəxəssislər tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri üçün də pilotsuz uçuş aparatlarının idarəedilməsinə dair təlim keçirilib. Təlimdə AgroStar şirkətinin mütəxəssisləri iştirak ediblər.